cumhuriyyet.info

Məmməd Əzizov: “MTN-də Məni Zorlamaqla Hədələdilər”

  • 1-04-2014, 10:35
  • 414
  • 0
Məmməd Əzizov: “MTN-də Məni Zorlamaqla Hədələdilər” Bakı Ağır Cinayətlər Məhkəməsində Cavid Hüseynovun sədrliyi ilə NİDA hərəkatının üzvlərinin cinayət işi üzrə proses keçirilib.

Prosesdə vəkil Nemət Kərimli vəsatətlər verib. O bildirib ki, Şahin Novruzlu MTN-də işgəncəyə məruz qalması nəticəsində 4 dişini sınmasını barədə ifadə verib. Bu səbbədən vəkil Şahin Novruzlunun dişlərinin nə vaxt, hansı səbəbdən düşməsinin müəyyən olunması üçün Məhkəmə Tibbi Ekspertizasının təyin olunması barədə vəsatət verib. Digər bir vəsatətdə isə vəkil bildirib ki, ittihamda Şahin Novruzlunun digər şəxslərlə əlbir olaraq cinayət törətdiyi qeyd olunsa da, Şahin digər şəxslərlə tanış olmadığını və heç vaxt əlaqə saxlamadığını deyib. Bu səbəbdən də təqsirləndirilən şəxslərə məxsus telefon nömrələrindən çıxarış alınması üçün mobil operatorlara sorğu verilməsini xahiş etdi. Dövlət itihamçısı vəsatətlərin əsassız olduğunu deyərək, təmin olunmamasını istədi. Məhkəmə müşavirədən qayıtdıqdan sonra ekspertiza təyin edilməsi ilə bağlı vəsətitin təmin edilməsi, digər vəsatətin isə təmin edilməməsi barədə qərarları elan etdi.

Daha sonra Məmməd Əzizov təqsirləndirilən şəxs qismində ifadə verib. O bildirib ki, 2012-ci ilin iyun ayından NİDA-ya qoşulub. “Həmin vaxt Fəlsəfə Klubunun müzakirələri keçirilirdi və mən də iştirak edirdim. Klubun toplantıları sentyabr ayınadək davam etdi. Bunu ona görə deyirəm ki, burada şahid kimi ifadə verən Anar Abbasov (A.Abbasov ittiham tərəfinin şahidi ifadə verərək NİDA-çı olduğunu desə də, təqsirləndirilən şəxslər onu tanımadıqlarını bildirmişdilər) adlı şəxs bildirmişdi ki, guya 2013-cü ilin fevral ayında Fəlsəfə Klubunun toplantısında biz nəyisə planlaşdırmışıq. Halbuki toplantılar yalnız yay aylarında keçirlib” – deyən M.Əzizov bildirdi ki, o, bir çox etiraz aksiyalarında iştirak edib.

Əzizob əlavə etdi ki, Bəxtiyar Quliyevlə birgə Facebook-da “Heydər Əliyev adına səhifə” yaradıblar. “Azərbaycanda Heydər Əliyev adına küçə, prospekt, məktəb və s. var. Ona görə də səhifəyə başqa ad qoymaq “vətənə xəyanət” olar. Əsas məqsədimiz isə odur ki, insanlarda adlara olan xofu, adların yaratdığı tabunu dağıdaq. Buna da nail olduq və “Heydər Əliyev” adlı səhifədə ironik materiallar paylaşırdıq. İnsanlar da görürdülər ki, onların toxunulmaz hesab etdikləri adlar əslində gülüş obyektidir” – deyən Məmməd Əzizova Üzeyir Məmmədlinin ”Bu, o...ş deyəsən ömürlük gedəcək” deyərək replika atması zalda gülüşə səbəb oldu.

M.Əzizov daha sonra bildirdi ki, sözügedən səhifəni yaradandan təhdid mesajları alıblar. “Yazırdılar ki, deyəsən başınız bədədninizə ağırlıq edir. Yanvar ayında isə konkret olaraq yazdılar ki, 24 saat ərzində səhifəni bağlamasanız MTN müdaxilə edəcək və siz həbs olunacaqsınız. Fevralda isə telefonlarımıza zəng etdilər ki, ağıllı olun, sizi həbs edəcəyik. Amma vecimizə deyildi”.

Məmməd Əzizov daha sonra ittihamda əksini tapmış 28 fevral Venesiya kafesindəki görüşlə bağlı bildirdi ki, o ümumiyyətlə həmin gün şəhərdə olmayıb. “Fevralı 27-də məşhur türk kommunist inqilabçısı Deniz Gelmişin ad günün qeyd etmək üçün başqa dostlarımla Sumqayıtda toplaşmışdıq. Həmin gün axşama qədər səhərə qədər orada içib yatmışdım. Martın 28-də saat 7-8 radələrində “Kubinka”da tutduğum evə gələrək yatmışam və ümumiyyətlə şəhərə çıxmamışam” – deyə Əzizov bildirdi.

O qeyd etdi ki, martın 7-də Fəvavrələr Meydanında mülki geyimli şəxslər tərəfindən zorakılıqla saxlanılıb və onu sürüyərək aparıblar. “Ərzidə olan polisklərin gözü qarşısında məni zorla maşına apardılar və kikrayə qaldığım evə gətirdilər. 12 nəfər olardılar. Qapını açdırdılar və evi axtarmağa başladılar. 2 nəfəri də təqdim etdilər ki, bunlar hal şahididir. Otaqdan “Təcili demokratiya tələb olunur. tel:+994, ünvan: Azərbaycan” sözləri yazılmış vərəqlər, disklər və kitablar götürdülər. Daha sonra qapının yanında ayaqqabı şkafından sellafona bükülü ot çıxdı. Dedim mənim deyil, bəlkə keşnişdir... “ - deyən M.Əzizov qeyd etdi ki, onu daha sonra MTN-ə aparıblar.

“MTN-də Bəxtiyar Quliyevi görəndə şoka düşdüm. MTN zabitlərindən biri Bəxtiyarı göztərib dedi ki, “bu çaqqalı tanıyırsan?”, dedim, bəli. Başladılar suallar verməyə ki, siz niyə müxalifətçilik edirsiniz və s. Sonra kameraya apardılar. Gecə orada kimisə döyürdülər və qışqırıq, inilti səsi eşidirdim. Orada bu, adi haldır. Fikirləşdim ki, yəqin Bəxtiyarı döyürlər. Səhərə kimi yatmadım. Səhər gətirdilər müstəntiqin yanına.Yenə başladılar “profilaktik” söhbətlər etməyə ki, niyə hakimiyyətə qarşı çıxırsınız, bunlar getsə, yerinə kim gələcək və s. 7-8 nəfər hərəsi bir tərəfdən sual verirdi. Bu arada müstəntiq mənə sənəd verdi ki, buna qol çək. Elə vəziyyətdə idim ki, oxumadan, nə olduğunu soruşmadan imzaladım. Sonra yenə kameraya apardılar. Daim psixoloji basqı altında idim. 50 dəfə kameradan çıxarıblarsa, hər dəfə də biri o birindən soruşur ki, bunu hara aparırıq – “padval”a? Martın 8-də həbs-qətimkan tədbiri seçildi. Dövlət tərəfindən vəkil təyin olunmuşdu. Dedim heç olmasa uşaqlara zəng elə burda olduğumu xbər ver, onu da etmədi” – deyən M.Əzizov bildirdi ki, müstəntiq onlara etirafedici mətn oxudaraq, kameraya çəkdirib və bu ifadələr TV ilə göstərilib.

“Dəfələrlə qəzet istəsəm də vermirdilər. Bir neçə gün sonra hakimiyyətyönlü qəzetlərdən birini verdilər və baxdım ki, hakimiyyətyönlü gənclərdən biri bizim haqqımızda yazıb. Elə bil ayıldım ki, bayırda adam yehrinə qoymadığım şəxslər, indi barəmizdə nələr yazırlar. İnqilabçı damarım tutdu. Dedim daha neyləsələr də, xeyri yoxdur” – deyə M.Əzizov vurğuladı.

Təqsirləndirilən şəxs bildirdi ki, martın 14-də müstəntiq ona Rəşad Həsənovu həbs edəcəklərini deyib. “Mənə dedi ki, get bu vərəqi oxu, Rəşadın üzünə durmalısan. Dedim yox, etməyəcəm. Müstəntiq elə bildi yalan deyirəm. Gətirdilər Rəşadla üzləşdirdilər, dedim yox, sizin dedikləriniz olmayıb. Müstəntiq tutuldu və çıxıb şöldə kiminləsə danışdı. Amma bu proses protokola salınmadı və cinayət işinin materiallarında yoxdur. Bizim başımız çıxmadı, vəkil isə demədi” – deyən Əzizov qeyd etdi ki, ifadəsindən imtinasına görə fiziki təzyiqlə üzləşib. “Azər adlı əməkdaş məni döydü, dedi ki, başın bədəniə ağırlıq edir, bizə qarşı çıxırsan? Sonra zəg etdi harasa ki, ordan “butılka” gətirin... Bir azdan bir dubinka gətirdilər. Sevindim ki, heç olmasa “butılka”dan dubinka yaxşıdır... (gülüşmə). Sonra dubinka ilə döyməyə başladılar”.

Əzizov bildirdi ki, daha sonra “Rəis” dedikləri Mamay adlı şəxsin yanına apardılar. İki nəfər qollarımı tutdu, o isə “qruşa” kimi mənə vurmağa başladı. 30-40 dəqiqə məni döydülər ki, ifadəni təsdiqləməlisən. Sonra yoruldular, rəis dedi ki, razılaşmasan, ya səni zorlayacağıq, ya da “butılka” üstündə oturmalısan. Mən də ciddi-ciddi fikirləşdim, dedim ki, siz ən yaxşısı, bir az istirahət edin, məni təzədən döyməyə davam edin. Dedi yox, səni butılkaya otuzdurb, AzTV-də yayımlayacağıq. KVN-dəki zarafat yadıma düşdü, dedim onsuz da AzTV-yə heç kim baxmır (Gülüşmə). Orada aldığım zərbələrdən qulağımın biri tutulmuşdu. Bakı İstintaq Təcridaxnasına köçürüldükdən sonra 2-3 ay müalicə aldım. MTN-də isə bir həftə axsayaraq gəzdim” – deyə M.Əzizov bildirdi. O qeyd etdi ki, irəli sürülmüş ittihamlar əsassızdır. “Mənə 234.1 - nakrkotik ittihamı üzrə ittiham verilib, amma 4 ay sonra narkoloji testdən keçiriblər. 7 aydan sonra isə yadlarına düşüb ki, məndə təkcə narkotik ittihamıdır, sonra mənə əlavə ittiham verdilər ki, bu işə calasınlar. O narkotiki də evimə MTN əməkdaşları qoymuşdu. Həbsimin səbəbi də “Heydər Əliyev” adına səhifə və NİDA-ya üzvlüyüm olub. Bizi həbs etməklə mübariz gənclərdə xof yaratmaq istəyirdilər, amma əksinə oldu.”

O daha sonra tərəflərin suallarını cavablandırıb.

Rəşad Həsənov isə ifadəsində bildirdi ki, içində molotov kokteyli olduğunu bildirilən butulkaları ilk dəfə 9 mart axşam saatlarında televiziyada gedən süjetlərdə görüb: “Süjetlərdə bütün butulkalar homogen idi və heç birinin üzərində əlavə bir şey yox idi. Ümumiyyətlə butulkaların ağzı rəngli bir materialla bağlı idi və mənim əvvəllər televiziyada və ya virtual aləmdə gördüyüm xarici ölkələrdə istifadə olunanlardan fərqli idi. Çünki mənim əvvəllər gördüklərimin ağzından təqribən 10 sm. parça sallanırdı. Yəni, bu butulkaların nəinki mənimlə, hətta əvvəllər TV-də virtual aləmdə gördüyüm butulkalarla heç bir əlaqəsi yox idi”.

R.Həsənov ifadəsində onu da dedi ki, 9 martda TV-də gedən süjetlərdə Bəxtiyar və Məmməd İdarə Heyəti üzvlərinin adlarını sadalayaraq sanki onların zorakılıq törətmək fikirlərinin olduğunu bildiriblər: “Bunu gördükdən sonra əleyhimizə istənilən ifadənin alına biləcəyini düşündük. Çünki süjetlərdə deyilənlər cəfəngiyyat idi. Bizə qarşı eyni cəfəngiyyatların baş verməməsi üçün və bizdən də hər hansı təzyiq altında ifadə almamaları üçün qabaqlayıcı tədbir kimi təcili brifinq keçirdik və bunu lentə aldıq. Birifinqdə 7 idarə heyətinin hamısı iştirak edirdi. Bütün bu olanlardan sonra əvvəlcə istintaqa cəlb oluanacağımı, bir müddət sonra isə şərlənərək həbs olunacağımı gözləyirdim. Amma belə olmadı, yəni, istintaqa cəlb olunmadan həbs olundum”.

“NİDA” üzvü vurğuladı ki, heç vaxt heç bir yerdə iğtişaş və ya hər hansı zorakılıq törətməklə bağlı fikir bildirməyib: “Nə vaxt mübarizə üsulları müzakirə olunsa hər zaman qeyri-zorakı, dinc mübarizənin daha effektli olduğunu bildirmişəm. Daha əvvəllər dünyada aparılan və uğurla nəticələnən dinc mübarizə vasitəsilə dəyişiklik misallarını gətirmişəm. Heç kimdən bu butulkaları almamışam, heç kimə verməmişəm. Heç bir “Molotov kokteyli” hazırlanması, əldə olunması, daşınması, istifadə olunması ilə bağlı heç bir yerdə müzakirəm, yazışmam olmayıb”

R.Həsənov ifadəsində 2013-cü ilin 15 mart tarixində digər saxlanılan hərəkat üzvləri Bəxtiyar və Məmmədlə üzləşdirməsindən də danışdı: “Məmmədlə üzləşmə zamanı bildirdi ki, ifadəsini müstəntiq yazıb və o da təzyiq altında imzalayıb. Bunu eşidən müstəntiq Qasım Məmmədov tərtib etdiyi üzləşdirmə protokolunu cırdı. 15 martdan başlayaraq 13 sentyabra qədər mənim iştirakımla heç bir istintaq hərəkəti keçirilməyib. Ancaq 2-3 ekspertiza qərarları elan olunub. Mənim dindirməm, rəylərin elanı hamısına bir yerdə cəmi 4-5 saat sərf olunub, yəni, heç bir iş günü etmir. Ancaq məni martın 14-dən həbsdə saxlayırlar. Bundan görünür ki, mənim həbsdə saxlanmağıma heç bir ehtiyac olmaylbdır, demək, bu hüquqi deyil, siyasi məsələdir. İstər əleyhimə ifadələrin təzyiq altında alınması, istər istintaqdan yayınmağımla bağlı yalan iddialar, istərsə də ilkin dindirməm və üzləşdirməm zamanı vəkilimin iştirakının təmin olunmaması bir daha həbsimi və mənə qarşı ittihamı qərəzli, şər, böhtan, sifariş, ictimai-siyasi fəaliyyətimi məhdudlaşdırmaq, ictimai fəaliyyətlə bağlı məni və dostlarımı qanunsuz cəzalandırmaq, digər gənc fəalları qorxutmaq və onları ictimai-siyasi fəaliyyətdən çəkindirmək kimi qiymətləndirirəm”.

Martın 10-da Bakının mərkəzində gənclərin əsgər ölümlərinə qarşı etiraz aksiyasından əvvəl və sonra həbs edilən gənclərə qarşı qarşı 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Əzizov Məmməd, Quliyev Bəxtiyar və Novruzlu Şahinə həm də Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) maddəsi ilə ittiham irəli sürülüb. «Azad Gənclik» Təşkilatının üzvü İlkin Rüstəmzadə (hazırda NİDA-nın üzvüdür) isə 17 may 2013-cü ildə həbs olunub. İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub. «Amnesty İnternational» təşkilatı onları vicdan məhbusu olaraq tanıyıb və dərhal azad edilmələrini tələb edib.
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur