Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/cumhuriyyetinfo/public_html/engine/modules/show.full.php on line 350 cumhuriyyet.info

"Belə Yanaşma Yolverilməzdir"


5-03-2014, 00:57
"Belə Yanaşma Yolverilməzdir"İLQAR MƏMMƏDOV
REAL HƏRƏKATININ SƏDRİ

Burada, həbsxanada eşidəndə ki, Xocalı qətliamının 22-ci ildönümü günündə REAL Hərəkatı İdarə Heyətinin mənim kimi bir üzvü olan dostumuz Erkin Qədirli hansısa emosiyalara uyaraq bəzi erməni ictimai şəxslər haqqında nə məsuliyyətli siyasətçi standartlarına sığan, nə mənə məlum, nə də Qarabağ münaqişəsinin həlli ilə əlaqədar REAL Hərəkatında müzakirə edilmiş bir qalmaqallı şərhlə çıxış edib, çox kədərləndim... Belə bir yanaşmanın yolverilməz olduğunu bildirirəm və şiddətlə qınayıram. REAL Hərəkatı kollektiv kimlikdir, İdarə Heyətinin üzvünün şəxsi fikirləri hərəkatımıza bağlana bilməz, REAL Hərəkatının mövqeyi ancaq rəsmi şəkildə qurum adından yayılan bəyanatlarda öz əksini tapır.

Onu da qeyd etmək vacibdir ki, ondan bir gün əvvəl, yəni fevralın 25-də, Milli Məclisin sədri Oqtay Əsədov bütövlükdə erməni xalqı haqqında irqçi və şovinist çıxış edərək bu əməli ilə Azərbaycan dövlətinə utanc gətirmişdir.

Aydındır, Qarabağ münaqişəsi Azərbaycanın və Ermənistanın anti-demokratik hakimiyyətləri tərəfindən xalq içində ağrılı duyğular yaratmaq və onları hakimiyyətin əldə saxlanması məqsədilə istifadə etmək üçün daim istismar olunub və olunacaq.

Ötən ilin yanvarında, həbsimdən iki həftə əvvəl həbsim üçün uyğun siyasi fon “bişirmək” məqsədilə hakimiyyət məndən bir TV debatında ermənilər haqqında ya “həddindən artıq mülayim”, ya da irqçi bir şərh almaq cəhdi etmişdi. Bunun vasitəsilə mən ya bəzi yerli seçicilərin, ya da beynəlxalq ictimaiyyətin gözündən düşürülməli idim.

Lakin həmin verilişdə ermənilərin DNT keyfiyyətini şübhə altına alan faşist ideyalarını rədd etdim, belə müzakirəni adıma yaraşdırmadım.

Məncə, Azərbaycan və Ermənistan demokratları Bakıdakı və İrəvandakı rejimlərin təbliğat səylərini özlərinin duyğusal, ya da siyasi səhvləri ilə mükafatlandırmamalıdır. Biz demokratik dəyişiklik məqsədindən diqqətimizi yayındırmamalıyıq, çünki yalnız bu proses münaqişənin dinc həllini mümkün edər, ermənilər və azərbaycanlılar arasında mədəni, insani, siyasi və iqtisadi bağları bərpa etməyə, bəsləyib zənginləşdirməyə imkan yaradacaq.