cumhuriyyet.info

2 saatlıq azadlığın ajiotajı

  • 8-09-2014, 12:56
  • 14835
  • 0
2 saatlıq azadlığın ajiotajı SAMİRƏ QASIMLI
SİYASİ PSİXOLOQ

“Bez boyu!!! Bez boyu!!! Ya ne zdamsya bez boyu!!!”. “Savaşsız təslim olmayacam” qışqıran publika Yaşıl Teatrda konsert verən Ukraynanın “Okean Elzi” qrupundan yalnız bu mahnını tələb etdi. Bir neçə dəqiqə ayaqüstə dayanıb təslim olmayacağını göstərən auditoriya nəhayət, mübarizəyə səsləyən bu mahnını ifa etmək üçün qrupu səhnəyə geri qaytardı.

Konsertin əvvəlindən sezilən azərbaycanlı tamaşaçıya məxsus komplekslər artıq dağılmışdı. Bütün zal ayaqüstə əlləri göydə yelləyərək, rəqs edərək, sərbəst hərəkətləri ilə özünü azad ifadə etməyə başlamışdı. Bakı auditoriyası Vakarçukun yerinə “ya ne zdamsya bez boyu” oxuyurdu. Artıq rok konsertin azadlıq ruhu hər kəsi coşdurmuşdu. Hətta bütün konsert boyu tədbirə nəzarət edən, üzündə heç bir emosiya ifadə etməyən soyuq və kobud baxışlı polislərin nəzərlərindən çəkinən ön sıralardakı şıx geyimli xanımlar belə sonda açılmışdılar. Auditoriya konsertin sonunda tam başqa idi.

Təkcə bu coşqun, emosiyaları cuşa gətirən konsertdən zərrə qədər də təsirlənməyən polislərin hirsli üz cizgilərində sonunadək heç nə dəyişmədi.

Bu konsert doğrudan da ajiotaj yarada bildi. Konsertdən güclü pozitiv enerji ilə ayrılanlar sosial mediada hiss etdiklərini bölüşdükləri vaxt getməyənlər rok qrupla bağlı qıcıqlarını ifadə edir, auditoriyanı yalançı patriotlar, axmaqlar adlandırdılar. Özünü aktiv ictimai zümrə kimi təqdim etməyə çalışan Rusiyanın beşinci kolonu isə daha çox canfəşanlıq göstərdi. Qıcığın mahiyyəti ondan ibarətdir ki, hakimiyyətin qorxusundan cınqırını çıxarmağa qorxan bu “rusdilli qlamurlar” indi başqasının azadlıq mübarizəsini belə coşqu ilə alqışlayırlar. Doğrudur, ətrafında baş verənləri susqunluqla qarşılayan, haqsızlığa susan, hətta hakimiyyəti tənqid məzmunlu adi bir facebook statusunu “like” etməyə belə cürəti çatmayan, ancaq konsertdə Vakarçukdan “savaşsız təslim olmayacam“ sözlərini eşitmək istəyən insanlar kiməsə yalançı patriot, yaxud axmaq kimi görünə bilər. Amma həqiqətsə başqadır.

Ta əvvəldən ən sonadək konsertdə iki obyekti müşahidə edirdim. Ifaçını və izləyicini. Svyatoslav Vakarçuk səhnəyə böyük bir dalğa kimi atıldı və insanların ruhunu yerindən oynatdı. Düzdür, daha əvvəl ayağa qalxmağa, qışqırmağa, ifaçı ilə bərabər oxumağa çəkinənlər az deyildi. Ancaq Vakarçukun səhnədəki çılğınlığı, emosionallığı və hərəkətliliyi fonunda patriotik məzmunlu bənzərsiz səsi və ifası yavaş-yavaş sonda hər kəsi kompleksdən azad olmağa cürətləndirdi.

Həmin axşam konsertdə baş verənlər bu günkü Azərbaycan cəmiyyətinin psixoloji durumunu çox gözəl açırdı. Bu insanlar şüuraltı tələbatlarını – istəklərini özləri də dərk etmədən konsertin emosional təsiri altında dilə gətirdilər, ifadə etdilər. İnsanlar sərbəst özünüifadə, azad hərəkət istəyirdilər. Və sonda ifaçıdan tələb olunan “təslim olmayacam” sözlərini eşitmək də şüuraltı dərk olunmayan tələbatın ifadəsi idi.

Rok musiqisi kütlələrin etiraz mitinqlərində tez-tez səsləndirilir. Məqsəd azadlıq hissini coşduran bu musiqinin emosional effekti ilə kütləni yoluxdurmaq və onun mübarizə hissini daha gücləndirməkdir. Ukrayna azadlıq mübarizəsinin simvollarından olan “Okean Elzi”nin mahnıları Bakı auditoriyası ilə bunu edə bildi.

Bəlkə də öz haqqını istəməyə, etiraz etməyə cürəti çatmayanları başqasının azadlıq mübarizəsini iki əlli alqışlamaqda qınayanlar haqlıdırlar. Ancaq reallıq isə bundan ibarətdir: Bu gün Azərbaycan əhalisinin böyük hissəsi mövcud vəziyyətdən narazı olan insanlardır. Bu kütləvi ovqat yalnız narazılıqdan ibarətdir (bunun da bir çox obyektiv səbəbləri var). Hələ ki, bu narazılıq hissi etiraz səviyyəsinə yüksəlməyib. Etiraz isə dərk olunan tələbatdan doğur. Nə zaman ki, bu tələbat insanlarımız tərəfindən şüurlu şəkildə dərk olunacaq o zaman da AZADLIQ şüurlu şəkildə tələb olunacaq.

P.S. Bu yazı cumhuriyyet.info-da gedən son materialdır. Cumhuriyyet.info saytı da məhz azad düşünən və azad yaşamaq istəyən auditoriya üçün həyata keçirilən layihə idi. Təəssüf ki, cumhuriyyet.info maliyyə problemləri üzündən işini müvəqqəti dayandırmalı oldu. Biz yenidən və daha yaxşı fəaliyyətə başlamaq üçün əlimizdən gələni edirik. Bir müddətdən sonra yenidən öz tərcümələrimizlə, analitik materiallarımızla yenilənmiş şəkildə sizinlə bir yerdə olacağıq. Bir neçə aydan sonra görüşmək üzərə.
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur