cumhuriyyet.info

Niyə Avropa? II

  • 12-08-2014, 14:00
  • 1306
  • 0
Niyə Avropa? II MURAD NƏSİBBƏYLİ
SİYASİ ŞƏRHÇİ

“Niyə Avropa?” başlıqlı yazı silsiləsindən bu ikinci yazımdır. Ola bilsin ki, bu suala bir çoxları özləri üçün cavab tapıblar. Amma mən belə qənaətdəyəm ki, hələ də bu barədə danışmağa dəyər. Bunu fikirləşməyə məni vadar edən, bu gün ölkədə müzakirə edilən bütün və ya bir çox mövzuların bu sualla olan əlaqəsidir.

Hərçənd, onu da etiraf etməliyəm, demək olar, hər bir mövzuya “Niyə Avropa?” sualı ilə baxıram. Çünki birmənalı “Avropalılaşma”ğımızın tərəfdarıyam. Amma bu yazıda məni maraqlandıran ölkədəki “Niyə Avropa?” və ya “Avropalılaşmaq” məsələsinə baxdığımız kontekstlərdir. Biz, Azərbaycanlılar hansı nöqtədən bu məsələyə baxırıq.

Avropada “Niyə Avropa?” və ya “Avropalılaşmaq” dedikdə hər hansı bir siyasət sahəsində milli dövlətlərin səlahiyyətlərinin Avropa İttifaqına ötürülməsi mənasına gəlir. Bu sözsüz ki, Avropa İttifaqının inkişafı ilə formalaşmış yanaşmadır. Yeni dövrdən bəri Avropada da “Avropa” müxtəlif regionlarda müxtəlif mənalar daşıdığı zamanlar olub. Bunun izləri indi Avropa Parlamentində də bəzən görünməkdədir. Burada söhbət milli “Avropa” diskurslarından gedir. Avropa İttifaqına qoşulana qədər Mərkəzi və Şərqi Avropada bu, Avropa Ittifaqına qoşulmaq və bunun üçün Avropa təcrübəsinə və qanunvericiliyinə yaxınlaşmaq idi.

Azərbaycanda (eləcə də, oxşar vəziyyət olan ölkələrdə) isə bu sual daha fundamental məsələlərə toxunur, Avropa kimliyinin nə olması, nə vəd etməsi, bizim kimliklə necə uyğunlaşması kimi əlavə suallarla daha mürəkkəb bir problem kimi ortaya çıxır. “Avropalılaşmaq” (və ya ənənəvi deyimlə, Avropaya inteqrasiya) Azərbaycanda Avropadan daha mürəkkəb – dəyərlər sisteminin dəyişməsi kimi başa düşülür. Yəqin ki, bu baş verdikdən və Avropaya siyasi inteqrasiya ilə nəticələndikdən sonra biz onu Avropadakı kimi başa düşəcəyik. İstənilən halda biz, bu gün bu sualı Avropadakı mənası ilə düşünməkdən, təəssüf ki, hələ uzağıq.

Müşahidəm ondan ibarətdir ki, “Avropa”nın nə olduğu mövzusunda müzakirələr Azərbaycanda (Avropadan fərqli olaraq) əsasən iki istiqamətdə gedir: Azərbaycan konteksti ilə ziddiyyətdə olan Avropa və bütün problemlərimizin həlli formulu olan Avropa. Şərti olaraq bölsək, mühafizəkarlar birincisini, yenilikçilər isə ikincisini görür. Yeri gəlmişkən onu da deyim ki, bizim mühafizəkarların “Avropa tənqidi” Avropadakı “Avropa tənqid”indən çox fərqlidir. Onlar yalnız yuxarıda dediyim kimi Azərbaycan kontekstinə ziddiyyətdə olan Avropanı görürlər. Yenilikçilər isə Avropanı problemlərimizlə xatırlayırlar, yenə də, Avropanı öz kontekstimizin məhdudiyyətləri ilə görürük. Hər iki yanaşmada məsələ bu və ya digər şəkildə “Avropa”nın özəyində duran fərdiyyətçiliyə dirənib qalır. Mühafizəkar onu inkar edir, yenilikçi isə onu dolayısı yolla, onun üzərində qurulan cəmiyyəti çarə kimi göstərir.

Əsas problem də bundadır. Yəni, “Niyə Avropa?” sualına verilən cavabların instrumental (çarə) izaha (insan huquq və azadlıqları-demorkatik quruluş-yaxşı idarəetmə-inkişaf zənciri) əsaslanmasında. Beləliklə, yenilikçi diskurs əsas məsələdən insanın fərdi azadlığının dəyər əsaslı izahından yayınmış olur, insanın fərdi azadlığını dəyər kimi deyil, onun üzərində qurulmuş cəmiyyəti “çarə” kimi təqdim edir. Bu, bir tərəfdən dünyanda insan huquqlarının əsaslandırılması fəlsəfəsinin gəldiyi vəziyyət ilə bağlıdırsa, digər tərəfdən əslində XIX əsrin sonu-XX əsrin əvvəllərində başlayan (əgər bu, həqiqətən, başlamaq sayılırsa) maarifçilik ənənəmizlə bağlıdır. Doğrusu, bu, bir ümumiləşdirmədir. Amma ən azı “İnsanlara Hürriyyət, Millətlərə, İstiqlal” ifadəsi kimi bu ümumiləşmədən nə dərəcədəsə kənara çıxanların olduğunu yenidən gözdən keçirmək lazımdır.

Beləliklə, gəldiyim nəticə budur ki, yenilikçilər bu gün özəyində insanın fərdi azadlığı duran “Avropa”nı instrumental izahla, yəni, çarə kimi görürsə, demək, bəzən sərt ifşa etdiyini hələ tam inkar etmək və insanın fərdi azadlığını tam qəbul etmək cəsarətinə sahib deyil. Görürük ki, mühafizəkarlar dəyər müstəvisində mübahisə etdiyi halda, yenilikçilər çarə müstəvisində qalır. Belə çıxır ki, əslində “Avropa”nı özəyi ilə anlayan (yəqin ki, onlara toxunduğu üçün) daha çox mühafizəkarlardır, nəyinki, yenilikçilər.

Əslində, məsələ məncə çox sadədir. Çıxıb, cəsarətlə demək lazımdır: İnsan dəyərlidir. Onun dəyəri onun azadlığındadır. O, xoşbəxt olmağa layiqdir. Buna görə, insan bir dəfə yaşadığı həyatı azad yaşamalıdır. Digər bütün məhdudiyyətləri İnsan Hüquqları Bəyannaməsi müəyyənləşdirib.
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur