cumhuriyyet.info

Önümüzdəki İllər REAL-ın İlləridir

  • 12-11-2013, 08:00
  • 1454
  • 0
Önümüzdəki İllər REAL-ın İlləridir
İLQAR MƏMMƏDOV
REAL-ın sədri

Mənə Deyirlər ki, Buradan Sağ Salamat Çıxmaq İstəyirsənsə Keç İlham Əliyevin Tərəfinə

Kütləvi saxtakarlıqlar, Qərb mətbuatının bu məsləyə böyük diqqət ayırması və ABŞ, Qərb dövlətlərinin saxtakarlığa göz yummaması fonunda seçkisonrası mühiti necə dəyərləndirirsiniz?

Seçkidən 8 ay öncə mən həbs ediləndə demokratik dünyanın gözləri İlham Əliyevin həqiqi siyasi kimliyinə açılmağa başladısa, səsverməyə iki həftə qalmış Əli Kərimlinin oğlu 4 həftəlik girov götürüləndə təəccübdən lap bərəlmiş hala gəldi. Xalqımızın nüvəsi olan siyasi sinif, belə dövlətçiliyin milli utanc yerimiz olmasını anlamalıdır. Bu anlayışın varlığına inanıram. Əks halda xalqımız dünyada ümumiyyətlə nəyə iddialı ola bilər?

Kütləvi saxtakarlıqlarla hakimiyyətdə qalan İlham Əliyev sizcə, bundan sonra Qərblə anlaşmalara necə nail ola biləcək (nəzərə alsaq ki, Qərb rəsmiləri və media artıq hakimiyyətin saxta yolla formalaşmasını anlayıblar)?

Beynəlxalq siyasi legitimliyini itirəndən sonra Əliyev öz baskılarına dair prinsipial qərar verməlidir. Təqiblər yığışdırılmasa, demək hakimiyyətdən daha tez gedəsi olacaq və bütün dünya bunu bayram edəcək. Yox, normal demokratik rəqabətə meyillənsə, deməli yaxın illərin seçkilərində məğlub olaraq demokratik tərəqqini bizimlə birgə bayram edəcək.

Sizcə, köhnə müxalifət yeni lideriylə siyasi səhnədə hansı rolu oynaya bilər?

Cəmil müəllim REAL Hərəkatı üçün birmənalı olaraq inanılacaq tərəf müqabilidir. Ötən seçkidə onu çətin işində dəstəkləmiş İsa Qəmbər, Eldar Namazov, Əli Kərimli, Lalə Şövkət və digər şəxslər bununla xalqımıza dəyərli xidmət göstərdilər. Dəstəyi davam etsələr Cəmil müəllim əlavə çeviklik əldə edər, bu isə hamımızın marağındadır. Çünki REAL olaraq biz təkcə diktaturadan qurtulmağı deyil, həm də ondan sonra ölkədə yaşam qabiliyyətli iqtidarın qurulmasını istəyirik.

Seçkiyə qatılmaq cəhdi REAL-a nə verdi?

Daha çox tanındıq və nəticə etibarilə kütləviləşmə işimizə bunun böyük xeyri oldu. Doğrudur, bəzi səhvlərə də yol verdik, çünki həbsimin məqsədi həm də təşkilati diqqətimizi yayındıraraq səhvlərə yol açmaq idi. Buna qismən nail oldular. Lakin bütövlükdə götürəndə bu seçkidən daha kütləvi və daha möhkəm çıxdıq. İndi dünyanın aparıcı qəzetlərində də yazırlar ki, Azərbaycanın önündəki siyasi illər REAL-ın illəridir. Əlbəttə REAL-ın bu dövrdə tam funksionallığı üçün onun sədrinin azadlığı vacib şərtdir.

REAL Hərəkatı həqiqətən də 40 min imza toplaya bildi?

Realçıların imzatoplama kampaniyasına əməli töhvəsini qəhramanlıq adlandırardım, çünki həbsimlə yaradılan texniki əngəlləri bəhanə edən dövlət imza vərəqələrini avqustun 28-də verdi, yəni yığıma cəmi 10 gün vaxt qoydu. Yeri gəlmişkən Avropa Parlamentinin qətnaməsində deyilir ki, o cümlədən mənim namizədliyimin prosedur bəhanələrilə qeydə alınmaması 9 oktyabr seçkilərində beynəlxalq standartlara hörmətsizliyin təzahürüdür.

Əgər REAL-ın sədri İlqar Məmmədov həbs olunmasaydı, sizcə, REAL qısa müddətdə virtualdan reala keçidi bacarardımı?

Bu söz oyunu məncə uğursuzdur, çünki REAL-ın gerçək hərəkat olmasını dünyada həbsimin ilk günündən, təkrar edirəm ilk günündən ucalan səslərin gücü sübut etdi.

REAL-ın cəmiyyətdə tanınması, siyasətdə görüntüsü partiyalaşma ideyasının artıq həyata keçirilməsini zəruri edir. Amma görünən budur ki, REAL-ın tərkibi əsas etibarilə İdarə Heyəti və könüllülərdən ibarətdir. İşlək aparat olmadan prosesin uğurunu necə təmin edə biləcəksiniz?

REAL-da təşkilatı strukturun gücləndirilməsi vəzifəsi heç də mütləq partiya kimi qeydiyyatdan keçmək ehtiyacını yaratmır, halbuki biz bunu da istisna etmirik və bu istiqamətdə addımlar atacağıq. Üzvlərimizin sayı artıq minlərlə ölçülür və buna təşkilatı həll əlbəttə tapılacaq. Ancaq fəaliyyətimizin məzmunu onun Ədliyyə Nazirliyindəki formal statusundan daha vacibdir. 2014-cü il üçün iki mühüm hazırlıq görürük. Ən önəmlisi bələdiyyə seçkilərində REAL-ın iştirakına aiddir. İkincisi isə sözü gedən təşkilatı dilemmaya. Çox şey asılıdır mənim tezliklə buraxılıb-buraxılmayacağımdan.

Tərəfdarlarınız sizin seçkidən uzaqlaşdırılmağınızı İlham Əliyevin sizi özünə əsas rəqib hesab etməsilə əlaqələndirirlər. Nə üçün İlham Əliyev məhz sizi özünə əsas rəqib hesab etsin və seçkiyə buraxmasın?

REAL-ın ideologiyası rejimin ən zəif – monarxik nöqtəsinə sərrast zərbə vurur. REAL-ın rəhbərliyi uğurlu və dürüst əməyi hesabına ailəsini saxlayan insanlardan ibarətdir. Biz təhsilli sinifin içində sürətlə rəğbət qazanırıq. Nəhayət dünyadaki hörmətimiz hərəkatımızın özəlliyini gücləndirir. Ən kobud formada məni şərləyib həbsə atdılar, indi isə deyirlər ki, buradan sağ salamat çıxmaq istəyirsənsə keç İlham Əliyevin tərəfinə.

Oxşar mübarizə yolunu keçmiş cəmiyyətlərin hansı siyasi liderini özünüzə daha yaxın hesab edirsiniz?

Demokratik qüvvələrə harada konkret uğur gətirmiş alqoritm varsa, diktatorlar onları yaxşıca əzbərləyir və qabiliyyətləri çatdığı qədər özlərini sığortalamağa çalışırlar. Ona görə kiminsə yolunu təkrarlamaq fikrim yoxdur.

9 aylıq həbsxana həyatı mübarizə insanına nələri öyrətdi?

REAL-ın yorulmaz dəstəyi və beynəlxalq ictimaiyyətin artan təzyiqi nəticəsində buradan çıxa bilsəm bu mövzuda ətraflı danışarıq.
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur